Sona Abbasəliqızı İsmayılova AZƏRBAYCANAM
Sona Abbasəliqızı İsmayılova
AZƏRBAYCANAM
Vüsal nəğməsidir amalım mənim,
Yox özgə istəyim, gümanım mənim.
Bütövlük eşqidir ünvanım mənim,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş Azərbaycanam.
Ürəyə işıqdır, ruha qidadır,
İçimdə hər misra doğmalıq dadır.
Milyon-milyon qəlbdə coşan nidadır,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş Azərbaycanam.
Tozludur tarixin döyüş yolları,
Talanıb yurdumun sərvəti, varı,
Mən uca sanmışam namusu, arı,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş Azərbaycanam.
Hikmət dastanının əlifbasıyam,
Cahanı dolaşan saz havasıyam.
Xətai ruhunun pak aynasıyam,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş Azərbaycanam.
Vətən intizarı yollara yağır,
Ruhum qərib-qərib boylanır, baxır.
Çoxdan ürəyimdə bir Araz axır,
Ruhu parçalanmış yaralı canam,
Bəxti çiliklənmiş Azərbaycanam.
28.05. 2015.
Hiç yorum yok